Kabildə qanlı gecə: Çin restoranındakı terrorun gizli mesajları nədir?
18:15 DünyaBir neçə gün əvvəl Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Çin restoranında baş verən partlayış nəticəsində 7 nəfər həlak olub. Hadisə zamanı ölən və yaralananlar arasında Çin vətəndaşlarının da olduğu bildirilir.
Faciədən sonra Çin tərəfi rəsmi Pekin vasitəsilə Taliban hakimiyyətindən partlayışın hərtərəfli və ciddi şəkildə araşdırılmasını tələb edib. Məlumata görə, sözügedən terror aktının məsuliyyətini İŞİD terrorçu qruplaşması öz üzərinə götürüb.
Bəs terrorçular niyə hədəf kimi Kabildəki Çin restoranını seçiblər?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Görünür, terrorçuların məqsədi Əfqanıstanı idarə edən Talibanla Pekin arasındakı münasibətlərdə gərginlik yaratmaq olub. İslamabad da Kabildəki partlayışı qınayıb. Pakistan Talibanın Əfqanıstana tam nəzarət etmədiyi qənaətindədir. Çünki müxtəlif silahlı qruplar ara-sıra iki ölkə arasındakı sərhəddən Pakistanın mövqelərinə hücumlar təşkil edirlər. Nəticədə iki dövlət arasında toqquşmalar baş verir və bu zaman hər iki tərəfdən iktilər qeydə alınır.
Əfqanıstan ərazisindən Takicistana da qeyri-qanuni keçidlər barədə məlumatlar var. Sonuncu halda Əfqanıstandan Tacikistana keçməyə cəhd edən silahlı qrupla sərhədçilər arasında atışma olmuşdu. Nəticədə Tacikistana narkotik keçirməyə cəhd edənlər zərərsizləşdirilmişdi.
Çinlə Əfqanıstan arasında sıx təmaslar olsa da, Pekin Talibanın ölkənin tamamına nəzarət etməməsindən narahatdır".
Politoloqun fikrincə, Pekinin narahatlığı Əfqanıstanda məskunlaşan silahlı uyğurların Çinə təhlükə yaratmasıdır:
"Pekin Talibanın silahlı uyğurların Çin ərazisinə mümkün keçidinin qarşısını almasını istəyir. Buna baxmayaraq, Çinin müxtəlif şirkətləri Əfqanıstanda layihələr həyata keçirirlər. ABŞ hərbçiləri Əfqanıstan ərazisini tərk etdikdən sonra Çinin bu ölkəyə marağı artıb. Əfqanıstan yeraltı zənginlikləri ilə Çin şirkətlərini cəlb edib. Ancaq əgər Taliban Əfqanıstanın tamamına nəzarət edə bilməyəcəksə və müxtəlif silahlı qruplar fəaliyyətlərini davam etdirəcəklərsə, bu, Çinin Əfqanıstandakı iqtisadi layihələrinə təhlükə yaradacaq".