Qəzzanın "Rəfah" nəzarət-buraxılış məntəqəsi gələn həftə hər iki istiqamətdə açılacaq - Əli Şaat

"Rəfah" nəzarət-buraxılış məntəqəsi gələn həftə hər iki istiqamətdə hərəkət üçün açılacaq.

Trend-in məlumatına görə, bu barədə Qəzza sektorunun idarə olunması üzrə Milli Komitənin rəhbəri Əli Şaat Dünya İqtisadi Forumu çərçivəsində bu gün Davosda keçirilən Sülh Şurasının Nizamnaməsinin (Board of Peace Charter) imzalanma mərasimində iştirakçılara ünvanladığı videomüraciətdə bildirib.

"Regionda sülhün təşviqi istiqamətində göstərdikləri intensiv səylərə görə Prezident Donald Trampa və onun administrasiyasına təşəkkür etməklə başlamaq istərdim. Həmçinin vasitəçi qismində çıxış edən Misir Prezidenti Əbdül Fəttah əs-Sissiyə, Qətərə və Türkiyəyə, Fələstin Milli Administrasiyasına, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvlərinə hərtərəfli sülh planına verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu səylər Qəzza zolağının yeni gələcəyi üçün imkan yaradıb", - deyə Şaat bildirib.

O vurğulayıb ki, hadisələrin sonrakı inkişafı həlledici önəm daşıyacaq.

"Bu keçid dövrü yalnız Qəzza sakinlərinin gündəlik həyatında real və nəzərəçarpan irəliləyişlərin təmin ediləcəyi təqdirdə uğurlu olacaq. Qəzza sektorunun idarə olunması üzrə Milli Komitənin rəhbəri kimi bu tarixi anı konkret addımlara çevirmək - asayişi bərpa etmək, institutları dirçəltmək və 'bir hakimiyyət, bir qanun, bir silah' prinsipi əsasında Qəzza xalqı üçün imkanlara və ləyaqətə söykənən gələcək qurmaq mənim məsuliyyətimdir. İlk addım olaraq məmnuniyyətlə elan edirəm ki, 'Rəfah' keçid məntəqəsi gələn həftə hər iki istiqamətdə açılacaq. Qəzzadakı fələstinlilər üçün 'Rəfah' sadəcə bir qapı deyil, həyati əhəmiyyətli arteriya və imkanların rəmzidir. Onun açılması Qəzzanın artıq gələcəyə və dünyaya qapalı olmadığını göstərir. Qarşıdakı yol çətin qərarlar və mümkün uğursuzluqlarla müşayiət oluna bilər, lakin bu, yeni istiqaməti müəyyən edən real irəliləyiş addımıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, 16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp "Sülh Şurası" adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul etdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa dəvət edib.

Azərbaycan bu dəvəti qəbul edib və "Sülh Şurası"nın təsisçi dövləti olmaq niyyətini ABŞ tərəfinə çatdırıb. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31