Avropa Parlamenti sərnişinlərin kompensasiya hüququnun azaldılmasına qarşı çıxdı

Avropa Parlamenti Aİ-də hava nəqliyyatı sərnişinlərinin hüquqlarının zəiflədilməsinə qarşı çıxaraq mövcud qaydaların qorunmasını dəstəkləyib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, parlament üzvləri 652 lehinə səslə Aİ üzv dövlətlərinin bu sahədə təklif etdiyi dəyişikliklərə etiraz ediblər.

Qəbul olunan mövqeyə əsasən, uçuşlar üç saatdan çox gecikdikdə, ləğv edildikdə və ya sərnişin təyyarəyə buraxılmadıqda kompensasiya hüququ saxlanılır. Parlament həmçinin kompensasiya məbləğinin uçuş məsafəsindən asılı olaraq 300-600 avro arasında qalmasını təklif edir.

Sərnişinlərin hüquqlarının gücləndirilməsi məqsədilə aviaşirkətlərə kompensasiya və geri ödəmə üçün əvvəlcədən doldurulmuş formaların 48 saat ərzində təqdim edilməsi tələbi irəli sürülüb. Sərnişinlərə iddia təqdim etmək üçün bir il vaxt veriləcək.

Yeni mövqeyə görə, sərnişinlər əlavə ödəniş etmədən bir şəxsi əşya və çəkisi 7 kiloqrama qədər olan kiçik əl yükü götürə biləcəklər. Uşaqları və hərəkət məhdudiyyəti olan şəxsləri müşayiət edənlər də əlavə ödəniş etmədən onların yanında oturmaq hüququ əldə edəcəklər.

Avropa Parlamenti həmçinin həssas qrupların - əlilliyi olan şəxslərin, hamilə qadınların və uşaqlı sərnişinlərin - uçuş zamanı daha yaxşı qorunmasını tələb edir.
Parlamentin mövqeyi indi Aİ Şurasına təqdim olunacaq. Əgər tərəflər razılığa gələ bilməsə, qanun layihəsi üzrə danışıqlar barışıq komitəsində davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31