Tramp ötən il 1,4 milyardı cibinə qoyub

ABŞ-də media gündəmini silkələyən yeni iddia "The New York Times" qəzetindən gəlib.

Musavat.com xəbər verir ki, qəzetin redaksiya heyətinin yayımladığı məqalədə prezident Donald Trampın "vəzifədən şəxsi sərvət toplamaq üçün istifadə etdiyi" bildirilir.

Məqalə Tramp haqqında belə başlayır:

"Prezident Tramp heç vaxt ölkəsi üçün nə edə biləcəyini soruşan insanlar sırasında olmayıb. Əksinə, o, ölkənin onun üçün nə edə biləcəyinin hədlərini yoxlayır".

NYT-nin redaksiya şurasının apardığı araşdırmaya görə, Tramp son bir ildə ən azı 1,4 milyard dollar gəlir əldə edib. Qəzet bunu "minimum rəqəm" adlandırıb, çünki Tramp ailəsinin gəlirlərinin bir hissəsi hələ də ictimaiyyətə açıq deyil.

Redaksiya Donald Trampın gəliri müxtəlif kanallar üzrə topladığını yazır:

- brend və lisenziya haqları,

- kriptovalyuta layihələri,

- məhkəmə razılaşmalarından əldə olunan vəsaitlər,

- Melaniya Tramp haqqında çəkilmiş sənədli film,

- digər kommersiya gəlirləri.

Qəzet yazır ki, məsələ təkcə məbləğdə deyil - dövlət qərarlarının nə dərəcədə maliyyə motivli olduğu bilinmir:

"Bu gəlirlərin nə qədərinin rəsmi qərarlardan qaynaqlandığını bilmək mümkün deyil. Problem də məhz bundadır".

NYT korporativ maraqların dövlət idarəetməsinə nüfuz etməsinin demokratik legitimliyi aşındırdığını vurğulayıb:

"Belə bir siyasi mühit dövlətin öz mənafelərini deyil, ən yüksək təklifi verənin maraqlarını qoruduğu təsəvvürünü yaradır".

ABŞ mediasında son aylarda Tramp administrasiyası ilə bağlı müxtəlif korrupsiya epizodları yayımlanmışdı. "60 minutes" proqramı Trampın "Binance" qurucusu Çançenq Jaonu bağışlamasının kripto sektorunda ailə biznesinə girişlə əlaqəli ola biləcəyini iddia etmişdi. "Fox Business" isə administrasiyanın "kripto-dostu qanunvericiliyi" dəstəkləməsinin "aşkar maraq toqquşması" yaratdığını bildirmişdi.

NYT-nin yazdığına görə, administrasiyanın nümayəndələri BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) yüksək texnologiyalı çiplərə çıxış imkanı təmin edən sazişdə də rol oynayıb və bu proses demək olar ki, paralel şəkildə kriptovalyuta müqaviləsi ilə eyni vaxtda baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31