İsveç hərbçiləri Qrenlandiyanı tərk edir

İsveç Silahlı Qüvvələri Qrenlandiyada aparılan kəşfiyyat-qiymətləndirmə işlərində iştirakını başa çatdırır.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin mətbuat relizində məlumat verilir.

Məlumata görə, ərazidə aparılan işlər Qrenlandiya və Arktikada gələcək təlimlərin keçirilməsi üçün şəraitin və imkanların öyrənilməsi məqsədi daşıyırdı. Bu region NATO üçün getdikcə artan strateji əhəmiyyət kəsb edir. İsveç Silahlı Qüvvələrinin iştirakı planlaşdırma üzrə bir sıra zabitlərin cəlb olunmasından ibarət idi. Onlara Qrenlandiya və Arktikada gələcək təlimlərdə iştirak üçün şəraitin qiymətləndirilməsi tapşırılmışdı.

İsveç Silahlı Qüvvələrinin Operativ Komandanlığının rəisi, vitse-admiral Eva Skuq Haslumun sözlərinə görə, növbəti mərhələ toplanmış məlumatların qiymətləndirilməsi və gələcək təlimlərin planlaşdırılmasına başlanmasıdır.

İsveç il ərzində Danimarkanın təşkil etdiyi "Arktik dözümlülük" adlı təlimlər silsiləsində iştirak etməyi planlaşdırır. Təlimlərin məqsədi regionda təhlükəsizliyin möhkəmləndirilməsi və NATO-nun şimal cinahının (potensial hücumlar zamanı) müdafiəsinə hazırlıq səviyyəsinin qaldırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31