“Hörmət edin, yoxsa nəticələr ağır olacaq” – Tehran Trampa açıq mesaj göndərdi

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərq siyasətini sərt tənqid edib və Vaşinqtona açıq xəbərdarlıq ünvanlayıb.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, Tramp özünü "böyük danışıqlar ustası" kimi təqdim etsə də, onun hakimiyyəti dövründə region üçün real nəticə müharibə, xaos və insan tələfatı olub.

Araqçi bildirib ki, Trampın 12 aylıq idarəçiliyi dövründə Fələstin, Livan, Suriya, Yəmən, İran və hətta Qətərdə minlərlə insan həyatını itirib. Nazir vurğulayıb ki, bu yanaşma davam edə bilməz və ABŞ siyasətini köklü şəkildə dəyişməlidir.

İran XİN rəhbərinin sözlərinə görə, Tramp administrasiyası əvvəlcə Tehranla diplomatik dialoqa cəhd edib. Xüsusilə ötən ilin mayında Omanda keçirilən danışıqlarda tərəflər ən azı üç dəfə kompromisə çox yaxın olub. Lakin bu imkanlar Ağ Evdə İsrailin maraqlarını müdafiə edən qüvvələrin müdaxiləsi nəticəsində puç olub.

Araqçi qeyd edib ki, sentyabr ayında Nyu-Yorkda danışıqları bərpa etmək üçün də nadir fürsət yaranmışdı. Ancaq ABŞ-ın Avropaya BMT Təhlükəsizlik Şurasının sanksiyalarının "snapback" mexanizmini işə salmaq üçün göstərdiyi təzyiqlər bu prosesi iflasa uğradıb.

Nazirin sözlərinə görə, İran hər zaman müharibədən çox sülhü üstün tutub və ədalətli, balanslı razılaşma üçün real danışıqlara hazır olub. Bununla belə, 2025-ci ilin iyun və sentyabr aylarında baş verən hadisələrdən sonra Tehranda Vaşinqtonun səmimi niyyətlərinə ciddi şübhələr yaranıb.

Araqçi əlavə edib ki, ABŞ İrana qarşı bütün mümkün düşmənçilik alətlərini işə salıb - sanksiyalar, kiberhücumlar, birbaşa hərbi zərbələr və terror əməliyyatlarının qızışdırılması. Onun fikrincə, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.

Nazir çıxışının sonunda Vaşinqtona açıq mesaj verib: ABŞ yanaşmasını dəyişməli, hörmətə əsaslanan siyasət yürütməlidir. Araqçinin sözlərinə görə, məhz bu yol ABŞ-ı gözlədiyindən daha uzağa apara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31