“Biz hazır olmalıyıq, Tramp Qrenlandiyaya hücum edəcək” – Nilsen

Qrenlandiyaya qarşı hərbi güc tətbiqi ehtimalı az olsa da, bu, tam istisna edilmir.

Globalinfo.az xəbər verir ki, bu barədə adanın hökumət başçısı Yens-Frederik Nilsen mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qrenlandiyaya təzyiq göstərən ölkə öz mövqeyindən geri çəkilməyib:

"Hərbi güc tətbiqi ehtimalı azdır, lakin bu, mümkündür. Buna görə də biz hazır olmalıyıq. Bu, məsuliyyətli yanaşmadır", - deyə Nilsen bildirib.

Baş nazir qeyd edib ki, Arktikada gərginliyin artması fonunda adada Avropa ölkələrinin hərbi kontingentinin daha geniş şəkildə təmsil olunmasına ehtiyac var. O, eyni zamanda vurğulayıb ki, Qrenlandiya NATO-nun tərkib hissəsidir və adaya qarşı istənilən hərbi əməliyyat ciddi nəticələrə səbəb ola bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyini dilə gətirib. O, ilk prezidentlik dövründə adanı satın almağı təklif edib, 2025-ci ilin mart ayında isə Qrenlandiyanın anneksiya edilə biləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31