İrəvandan pesimist proqnoz: Rusiya–Ukrayna müharibəsinin 2026-cı ildə bitməsi real görünmür
20 Yanvar 13:26 DünyaErmənistanın Xarici Kəşfiyyat Xidməti Rusiya ilə Ukrayna arasında davam edən münaqişənin 2026-cı ildə sabit və uzunmüddətli həllinin mümkün olmadığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Armenpress agentliyinin yayımladığı rəsmi hesabatda qeyd olunub.
Hesabatda vurğulanır ki, mövcud hərbi-siyasi şərait, tərəflər arasındakı dərin ziddiyyətlər və beynəlxalq güclərin mövqeləri münaqişənin yaxın perspektivdə tam nizamlanmasını istisna edir. Erməni kəşfiyyat orqanının qiymətləndirməsinə görə, qarşıdurma müxtəlif intensivliklə davam edə və regionda təhlükəsizlik risklərini qoruyub saxlaya bilər.
Musavat.com qeyd edir ki, sənəddə Rusiyaya qarşı tətbiq olunan sanksiyalara da xüsusi diqqət ayrılıb. Bildirilir ki, bu sanksiyaların əhəmiyyətli bir hissəsinin qüvvədə qalması ehtimalı yüksəkdir. Bu isə yalnız Rusiya iqtisadiyyatına deyil, onunla sıx iqtisadi əlaqələri olan ölkələrə, o cümlədən Ermənistana da mənfi təsir göstərməkdə davam edəcək.
Hesabatda qeyd olunur ki, ikinci dərəcəli sanksiyalar riski Ermənistan üçün xüsusilə təhlükəlidir. Belə ki, maliyyə əməliyyatları, ticarət dövriyyəsi və logistika sahələrində əlavə məhdudiyyətlər ölkə iqtisadiyyatında qeyri-sabitliyi artıra bilər.
Analitiklərin fikrincə, İrəvanın bu qiymətləndirməsi Ermənistan rəhbərliyinin 2026-cı ilə təhlükəsizlik və iqtisadi baxımdan kifayət qədər ehtiyatlı yanaşdığını göstərir. Ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Cənubi Qafqazda da geosiyasi balanslara və regional proseslərə birbaşa təsir göstərməyə davam edəcək.