Pezeşkian Xameneiyə görə hərəkətə keçdi – “Vəziyyət çox ciddidir”

İran Prezidenti Məsud Pezeşkianın X sosial şəbəkə hesabında ölkənin ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə bağlı paylaşımı diqqət çəkib. Pezeşkian Xameneiyə qarşı mükün sui-qəsdin müharibəyə səbəb olacağını bildirib.

İran prezidentinin paylaşımı ABŞ-la mövcud gərginlik və bu ölkəyə hücum ehtimalları fonunda narahatlığı artırıb.

Bu xəbərdarlıq nəyin mesajıdır? Pezeşkian Xameneinin hər an öldürülə biləcəyinin ismarışını verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, İrana qarşı həmlələr ən müxtəlif tərəflərdən və üsullarla həyata keçirilir:

"Uzun illərdir ki, İran siyasi və iqtisadi sanksiyalar altında yaşayır. Ötən ilin iyun ayında bu ölkəyə aviazərbələr endirildi, bir sıra dövlət məmurları öldürüldü, strateji obyektlər dağıdıldı. Dekabr ayından başlayan sosial narazılıqlar isə iğtişaşlara çevrilərək çoxsaylı insan tələfatına səbəb oldu. Etiraz aksiyalarının xaricdən idarə olunduğu ilə bağlı məlumatların yayılması İrana qarşı təzyiq və təsirlərin davam etdiyini göstərir.

Tehran xaricdən sanksiyalara, hərbi zərbələrə, daxildən isə xalqın etirazları və onun içərisinə salınan təxribatçı təzyiqlərə məruz qalır.

12 günlük İsrail-İran müharibəsində dövlət məmurlarının, xüsusilə, hərbi elitadan olan yüksək rütbəli zabitlərin və alimlərin sui-qəsd nəticəsində öldürülməsi xarici kəşfiyyatın bu ölkənin daxilinə kifayət qədər nüfuz edə bildiyini göstərdi. Pezeşkianın açıqlaması bu təhlükənin hələ də qaldığını deməyə əsas verir. İndiyədək Xamenei barədə ən müxtəlif iddialar ortaya atılıb, lakin rəsmilər buna hec bir reaksiya verməyiblər. Amma münasibətlərin indiki kəskin vaxtında bu bəyanatın səsləndirilməsi məsələnin kifayət qədər ciddi olduğundan xəbər verir.

Çox güman ki, İran kəşfiyyatında Xameneiyə qarşı sui-qəsdin planlaşdırıldığı ilə bağlı məlumatlar var. İndiyədək Birləşmiş Ştatlar və İsrailin bütün cəhdlərinə baxmayaraq onu zərərsizləşdirmək mümkün olmayıb. Belə çıxır ki, artıq son varianta əl atılmaqdadır. Pezeşkian öz açıqlamasında bunu təsdiq edir. Eyni zamanda narahatlığını dilə gətirir. Görünür, məsələ kifayət qədər ciddidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31