Məhkəmə qərarı: Ermənistan İstintaq Komitəsi yepiskop işi üzrə cinayət işi açmalıdır – ÖZƏL

Ermənistan məhkəməsi Arazotn yeparxiyasının rəhbəri, Erməni Apostol Kilsəsinin yepiskopu Mkrtıç Proşyanın vəkillərinin fəaliyyətinə mane olunması və onun faktiki azadlıqdan məhrum edilməsinin gizlədilməsi faktı üzrə cinayət işinin başlanmasını İstintaq Komitəsinə tapşırıb.

Olaylar.az xəbər verir ki, bu barədə yepiskopun vəkili Ara Zoğrabyan məlumat verib. Onun sözlərinə görə, daha əvvəl Ermənistan İstintaq Komitəsi cinayət işi açmaqdan imtina edib, prokurorluq isə müdafiə tərəfinin şikayətini təmin etməyib. Lakin İrəvan birinci instansiya məhkəməsi bu qərarları əsassız hesab edərək İstintaq Komitəsini cinayət təqibinə başlamağa məcbur edib.

Zoğrabyan bildirib ki, İstintaq Komitəsi və prokurorluq yepiskopun azadlıqdan məhrum edilmədiyini, onun sadəcə şahid qismində dindirildiyini iddia edirdi. Halbuki məhkəmə vurğulayıb ki, əsas meyar şəxsin prosesual statusu deyil, onun faktiki olaraq azadlığının məhdudlaşdırılmasıdır.

Qeyd edək ki, daha əvvəl Ermənistan İstintaq Komitəsinin sədri Artur Poğosyan Arazotn yeparxiyasının saxlanılan ruhanilərinə vəkillərin buraxılmaması ilə bağlı xidməti araşdırma aparıldığını açıqlamışdı.

Müdafiə tərəfi bildirir ki, saxlanıldıqdan sonra bir müddət yepiskopun harada olduğu vəkillərdən gizlədilib. Vəkil Armine Fanyan bunun Proşyana təzyiq məqsədi daşıya biləcəyini istisna etmir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31