“Etimad yoxdursa, nəticə də yoxdur” – Gürcü deputatdan müxalifətə sərt mesaj – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin "Xalqın Gücü" fraksiyasından olan deputatı Quram Maçaraşvili müxalifətin mümkün "birləşməsi" ilə bağlı sərt açıqlama verib.

Onun sözlərinə görə, nə Zura Caparidzenin partiyası, nə də "Milli Hərəkat" real müxalifət sayılmır və bu qüvvələr xaricdən gələn sifarişləri yerinə yetirirlər. Maçaraşvili bildirib ki, müxalifət düşərgəsinin özü belə bu cür "birləşmələrə" inanmır.

"Zura Caparidze özü deyir ki, etimad yoxdur. Etimad və milli məqsəd olmayan yerdə heç vaxt nəticə də olmayacaq. Nə birgə bəyanat olacaq, nə də real birlik. Çünki onların məqsədi ölkənin rifahı deyil", - deputat vurğulayıb.

Maçaraşvilinin fikrincə, bu siyasi qüvvələr hökumətə alternativ proqram təqdim etmək əvəzinə, yalnız hakimiyyətin gördüyü işləri inkar edirlər: "Onlar deyirlər ki, hakimiyyətin etdiyi yaxşı işlər sizə elə gəlir, əslində hər şey pisdir - ta ki, biz hakimiyyətə gələnədək. Necə gələcəklərini isə hamı bilir - seçkisiz".

Deputat sözlərini belə tamamlayıb: "Səkkiz olsun, yeddi olsun və ya başqa rəqəm - sıfırı nə qədər vursan da, nəticə yenə sıfır olacaq. Məqsəd sıfırdırsa, milli deyilsə, nə qədər çoxaltsan da nəticə yenə sıfırdır".

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31