Dünya milyarderlərinin sərvətində REKORD ARTIM - "Oxfam"dan XƏBƏRDARLIQ
16:32 Dünya57 19.01.2026 16:17 Dünya A A
2025-ci ildə dünyanın ən varlı insanlarının ümumi sərvəti 18,3 trilyon dollara yüksələrək indiyədək qeydə alınan ən yüksək göstəriciyə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Oxfam" təşkilatına istinadla məlumat yayıb.
Təşkilatın məlumatına görə, ötən il milyarderlərin sərvəti 16 faizdən çox artıb ki, bu da son beş ilin orta artım tempindən təxminən üç dəfə yüksəkdir.
Qeyd olunur ki, təkcə keçən il milyarderlərin ümumi sərvəti 2,5 trilyon dollar artıb. Bu məbləğ dünya əhalisinin ən yoxsul yarısının - təxminən 4,1 milyard insanın ümumi sərvətinə demək olar ki, bərabərdir. "Oxfam" bildirir ki, bu vəsaitlə dünyada ifrat yoxsulluğu tam şəkildə 26 dəfə aradan qaldırmaq mümkün olardı.
Təşkilat həmçinin vurğulayıb ki, 2020-ci ildən bu yana milyarderlərin sərvəti 81 faiz artıb. Ötən il onların sayı ilk dəfə 3 mini keçib. Dünyanın ən varlı insanı olan İlon Mask isə aktivləri yarım trilyon dollar həddini aşan ilk şəxs olub.
Hesabatda qeyd edilir ki, milyarderlər adi vətəndaşlarla müqayisədə siyasi vəzifələrdə təmsil olunmaq baxımından dörd min dəfə daha çox üstünlüyə malikdirlər.
"Oxfam International" təşkilatının baş direktoru Amitabh Behar varlılarla əhalinin qalan hissəsi arasında artan uçurumun təhlükəli və qeyri-sabit siyasi balanssızlıq yaratdığını bildirib.
Qeyd edək ki, "Oxfam" dünyada 90-dan çox ölkədə fəaliyyət göstərən 15 təşkilatdan ibarət beynəlxalq birlikdir. Təşkilatın əsas məqsədi yoxsulluq və onunla bağlı ədalətsizlik problemlərinin aradan qaldırılmasıdır.
Birliyin əsas hədəfi insanların öz hüquq və imkanlarını reallaşdırmasına, həyatlarını müstəqil şəkildə idarə etməsinə, əməyinə layiqli əməkhaqqı almasına və digər əsas sosial hüquqlara çıxış əldə etməsinə şərait yaratmaqdır.