Alman hərbi kontingenti Qrenlandiyanı tərk etdi
18:48 DünyaAlmaniya Silahlı Qüvvələri Qrenlandiyada həyata keçirdiyi missiyanın tamamlandığını bəyan edib.
Trend xəbər verir ki, Bundesverin Qrenlandiya üzrə missiya nümayəndəsi, podpolkovnik Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib ki, onlar təlimlərin təşkili və hazırlıq təşəbbüsü çərçivəsində mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı qarşıya qoyulan ilkin tapşırıqları icra ediblər.
Peter Milevçuk Nuuk hava limanında jurnalistlərə açıqlamasında danimarkalı həmkarları ilə əməkdaşlığı yüksək qiymətləndirərək onu "son dərəcə müsbət və konstruktiv" adlandırıb. O qeyd edib ki, ilkin mərhələdə bölgədəki vəziyyət ətraflı öyrənilib və missiya bütövlükdə uğurla başa çatdırılıb. "İndi isə əldə etdiyimiz nəticələrlə geri dönürük", - deyə podpolkovnik vurğulayıb.