Sosial şəbəkələr qadağan edilir: "Mollalar" qapalı internetə keçir

İranda internetə çıxışla bağlı sərt və misli görünməmiş məhdudiyyətlər gündəmdədir.

Musavat.com xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, rəsmi Tehran qlobal interneti əhalinin böyük hissəsi üçün tamamilə bağlamağı nəzərdən keçirir.

Planlaşdırılan modelə əsasən, qlobal şəbəkəyə yalnız dövlət məmurları və xüsusi yoxlamadan keçmiş şəxslər çıxış əldə edəcək. Digər vətəndaşlara isə yalnız tam dövlət nəzarətində olan milli internet şəbəkəsindən istifadə icazəsi veriləcək.

Məlumata görə, bu milli şəbəkə xarici resurslardan tam təcrid olunacaq, sosial platformalara giriş məhdudlaşdırılacaq, istifadəçilərin onlayn fəaliyyəti isə mərkəzləşdirilmiş qaydada izləniləcək.

Nəşr vurğulayır ki, bu addım hakimiyyətin kütləvi etirazların koordinasiyasının qarşısını almaq, müstəqil informasiya axınını zəiflətmək və sosial şəbəkələrin təsirini minimuma endirmək məqsədi daşıyır. Ekspertlər isə xəbərdarlıq edirlər ki, belə bir qərar İranı faktiki olaraq rəqəmsal izolyasiya vəziyyətinə sala bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31