Nə Ərdoğanın oğlu, nə də Bayraktar: Türkiyənin yeni lideri o olacaq

Britaniyanın "The Economist" jurnalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mümkün varisləri sırasında oğlu Bilal Ərdoğan, kürəkəni "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və keçmiş daxili işlər naziri Süleyman Soylunun yer aldığını yazıb.

Nəşrə müsahibə verən ekspertlər Hakan Fidanın Türkiyə liderinin varisi olmaq şansının daha yüksək qiymətləndirildiyini bildiriblər. Burada Fidanın Xarici İşlər Nazirliyinə təyin olunmazdan əvvəl on ildən artıq müddətdə Türkiyənin Milli Kəşfiyyat Xidmətinə (MİT) rəhbərlik etməsi xüsusi vurğulanır. 44 yaşlı Bilal Ərdoğanın şansları isə daha aşağı dəyərləndirilir.

Rəcəb Tayyib Ərdoğanın 71 yaşı var. Türkiyə qanunvericiliyinə əsasən, o, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməz. Türkiyə Prezidenti özü də dəfələrlə bildirib ki, bu, onun prezident kimi sonuncu müddətidir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu məsələ yeni deyil:

"Türkiyə qanunlarında bu istiqamətdə hər hansı dəyişikliyin olub-olmayacağı hələlik bəlli deyil. Çünki qarşıda hələ bir neçə il var. Nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğan mövcud Konstitusiyanı dəyişmək niyyətini də gizlətmir, bu məsələdə müəyyən yeniliklər gözləniləndir. Lakin belə bir dəyişiklik baş verməzsə, həqiqətən də onun mümkün varisləri sırasında oğlu Bilal Ərdoğan, kürəkəni Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və keçmiş daxili işlər naziri Süleyman Soylunun adları çəkilə bilər.

Türkiyə siyasi təcrübəsində ata-oğul və ya kürəkənin siyasətdə, partiya rəhbərliyində və parlamentdə təmsil olunması halları mövcuddur. Bu baxımdan Bilal Ərdoğan və ya Səlcuq Bayraktar daha çox gündəmə gətirilir. Lakin mənə görə, Hakan Fidanın hakimiyyətə gəlməsi daha real görünür. O, həm kəşfiyyat, həm də xarici siyasət sahəsində ciddi təcrübəyə malikdir. İndiki mərhələdə Türkiyənin başına Rəcəb Tayyib Ərdoğandan sonra ən az onun qədər güclü və ölkənin mövqeyini qoruya biləcək bir lider lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31