Levan Maçavariani: "Vizasız rejimin ləğvi şantajın sonuncu mərhələsidir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının deputatı Levan Maçavariani Avropa Komissiyasının Gürcüstanla vizasız rejimin dayandırıla biləcəyi barədə xəbərdarlığını "şantaj" adlandırıb.

Deputat bildirib ki, Avropa Komissiyasının hesabatında yer alan məqamlar gözlənilməz deyil və bu, avrobürokratların son vaxtlar səsləndirdiyi ritorikanın sənədə köçürülməsidir. Maçavarianinin sözlərinə görə, Gürcüstan texniki hissədə bütün öhdəlikləri yerinə yetirsə də, "şəffaflıq" və "anti-LGBT" qanunlarının ləğvi, habelə radikal müxalifət liderlərinin azad edilməsi kimi tələblər siyasi xarakter daşıyır.

"Onların əlində şantaj üçün sonuncu vasitə qalıb və indi ondan istifadə edirlər. Biz buna artıq öyrəşmişik. Düşünürəm ki, onlar yenə də rasional davranacaqlar. Avropalı bürokratların son hərəkətləri məntiqə sığmasa da, vizasız rejimin dayandırılmasının Gürcüstanda inqilaba səbəb olmayacağını başa düşürlər."

Maçavariani qeyd edib ki, müxalifət liderlərinin "siyasi məhbus" adlandırılması əsassızdır və onlar törətdikləri əməllərə görə qanuni şəkildə cəza çəkirlər.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Baş nazir İrakli Kobaxidze oxşar təzyiq mexanizmlərindən yayınmaq üçün Avropa İttifaqı ilə danışıqların gündəliyini dondurduqlarını bəyan etmişdi. Deputatın fikrincə, viza rejiminin dayandırılması ilə bağlı qərarın üzv ölkələr tərəfindən razılaşdırılma ehtimalı aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31