Makron yeni nəsil aviadaşıyıcının inşasına yaşıl işıq yandırıb – ÖZƏL

Fransa, ölkədəki büdcə qeyri-müəyyənliyinə baxmayaraq, hərbi dəniz qüvvələrinin modernləşdirilməsi məqsədilə irimiqyaslı müdafiə layihəsinə start verir.

Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron yeni nəsil aviadaşıyıcının (PANG) inşası ilə bağlı qərarı təsdiqləyib. Əbu-Dabidə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, proqramın icrasına bu həftə rəsmən qərar verildiyini bildirib.

Məqsəd hazırda xidmətdə olan "Şarl de Qoll" aviadaşıyıcısını əvəz etməkdir. İstifadəyə verilmə tarixi isə 2038-ci ildir.
Layihə çərçivəsində 800-dən çox tədarükçü şirkət fəaliyyət göstərəcək ki, onların da 80%-i kiçik və orta müəssisələrdir.
Proqramda "Naval Group SA" başda olmaqla bir neçə nəhəng sənaye şirkəti iştirak edir.

Makron qeyd edib ki, dövlət xərcləri ilə bağlı müzakirələrə və mürəkkəb büdcə vəziyyətinə baxmayaraq, bu addım həm milli təhlükəsizlik, həm də ölkə iqtisadiyyatının dəstəklənməsi üçün strateji əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31