Turistlər üçün BƏD XƏBƏR: Fevralın 1-dən etibarən...

Fevralın 1-dən etibarən Romaya səfər edən turistlər Trevi fəvvarəsini ziyarət etmək üçün 2 avro giriş haqqı ödəməli olacaqlar. Roma şəhərinin sakinləri üçün isə giriş pulsuz qalacaq.

Olaylar.az xəbər verir ki, Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, paytaxtda ümumilikdə altı məşhur turizm obyektinə giriş ödənişli olacaq. Bu siyahıya Trevi fəvvarəsi (hovuzun ön hissəsi), eləcə də Villa Maxentius, Napoleon, Karlo Barakko, Pilotti və Kanonika muzeyləri daxildir.

Merin sözlərinə görə, turistlərdən alınacaq simvolik ödəniş hesabına şəhər büdcəsinə ildə təxminən 6,5 milyon avro gəlir əldə edilməsi planlaşdırılır. Trevi fəvvarəsinə giriş 09:00-22:00 saatlarında ödənişli, digər vaxtlarda isə pulsuz olacaq.

Məlumata görə, son bir ildə Trevi fəvvarəsini təxminən 9 milyon turist ziyarət edib, gün ərzində isə bu rəqəm 30-70 min nəfər arasında dəyişir. Həddindən artıq turist axınının qarşısını almaq məqsədilə yanvar ayından etibarən eyni vaxtda maksimum 400 nəfərin daxil ola biləcəyi məhdudiyyət tətbiq olunub.

XVIII əsrdə memar Nikola Salvi tərəfindən inşa edilən Trevi fəvvarəsi barokko üslubunun nadir nümunələrindən sayılır və romantik filmlərə ev sahibliyi etdiyi üçün "Sevgi fəvvarəsi" kimi tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31