Rusiya 1000-dən çox cəsədi Ukraynaya qaytardı
15:53 DünyaUkraynaya 1003 hərbçinin cəsədi qaytarılıb.
Olaylar.az UNİAN-a istinadən xəbər verir ki, Hərbi Əsirlərlə Davranış Məsələləri üzrə Koordinasiya Qərargahı repatriasiya tədbirlərinin 19 dekabr, cümə günü baş tutduğunu açıqlayıb.
Qərargahdan bildirilib ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birgə qaytarılan cəsədlər üzərində bütün zəruri ekspertizaları aparacaq və şəxsiyyətlərin müəyyənləşdirilməsi həyata keçiriləcək.
UNİAN-ın məlumatına görə, itkin düşmüş şəxslər üzrə səlahiyyətli nümayəndə Artur Dobroserdov daha əvvəl qeyd edib ki, 2024-cü ilin oktyabrından etibarən Ukraynaya qaytarılan cəsədlərin sayı davamlı olaraq artır.
Onun sözlərinə görə, cəsədlərin böyük əksəriyyəti identifikasiya üçün son dərəcə çətin vəziyyətdədir və əksər hallarda vizual tanınma mümkün olmur. Bəzi hallarda mütəxəssislər barmaq izlərindən istifadə edə bilsələr də, ən yüksək nəticə DNT analizləri vasitəsilə əldə olunur.
Daha sonra Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, rəsmi Kiyev Rusiya tərəfinin cəsədlərin mübadiləsi ilə bağlı razılaşmalar çərçivəsində Ukraynaya Rusiya hərbçiləri və Rusiyanın tərəfində döyüşmüş muzdlu şəxslərin cəsədlərini də ötürdüyünü qeydə alır.
Zelenskinin sözlərinə görə, Rusiya bunu özündə guya daha çox ukraynalı hərbçinin cəsədinin olduğunu nümayiş etdirmək məqsədilə qəsdən edir.