Putindən TƏHDİD DOLU açıqlamalar: “Yeni şəhərlər nəzarətə götürüləcək”
14:04 DünyaRusiya prezidenti Vladimir Putin birbaşa xətt formatında keçirilən və geniş mətbuat konfransı ilə birləşdirilən çıxışı zamanı Ukrayna müharibəsi ilə bağlı bir sıra açıqlamalar verib.
Olaylar.az xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Moskva Kiyevdən müəyyən siqnallar görür və bilir ki, onlar hansısa formada dialoqa hazır olduqlarını nümayiş etdirirlər.
Onun sözlərinə görə, Rusiya Ukrayna böhranının həlli ilə bağlı dialoqa 2024-cü ilin iyununda irəli sürülmüş prinsiplər əsasında hazırdır.
Rusiya prezidenti vurğulayıb ki, Moskva bu münaqişəni sülh yolu ilə başa çatdırmaq istəyir və buna hazırdır.
Putin eyni zamanda qeyd edib ki, Rusiya Silahlı Qüvvələri təmas xəttinin bütün istiqamətlərində irəliləyir.
Onun iddiasına görə, yaxın zamanda Krasnı Liman nəzarətə götürüləcək və hücum Slavyansk istiqamətində davam edəcək. Putin bildirib ki, Rusiya ordusunun Konstantinovkanı da tam ələ keçirəcəyinə şübhəsi yoxdur.
Rusiya prezidenti əlavə edib ki, Dimitrov şəhəri tam mühasirəyə alınıb, Zaporojye vilayətində isə Rusiya qoşunları sürətlə irəliləyir, hazırda Qulyaypole uğrunda döyüşlər gedir.
Putinin sözlərinə görə, "Şərq" qruplaşması Zaporojye istiqamətində yüksək templə irəliləyərək yaşayış məntəqələrini nəzarətə götürür.
O iddia edib ki, Kupyansk yaxınlığında 3,5 min Ukrayna hərbçisi mühasirədədir və onların xilas olma şansı demək olar ki, yoxdur.
Rusiya prezidenti Sumı istiqamətində təhlükəsizlik zonalarının yaradıldığını da qeyd edib.
Sonda Putin bildirib ki, cari ilin sonuna qədər Rusiya hərbçilərinin yeni uğurlarının şahidi olunacaq. (Musavat.com)