Papuaşvili: Brüssel Gürcüstanın suverenliyini sözlə ləğv etməyə çalışır – ÖZƏL
13:36 Dünya"Suverenliyimizin süngü ilə, yoxsa sözlə ləğv edilməsi dövlətçilik baxımından ciddi fərq yaratmır. Qızıl Ordu vaxtilə bunu süngü ilə etdi, indi isə Kaya Kallas eyni şeyi sözlə etməyə çalışır", - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın "Gürcüstan hökumətini deyil, Gürcüstan xalqını dəstəkləyirəm" bəyanatına cavab verərkən bildirib.
Olaylar.az xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, bu yanaşma Brüsselin Gürcüstanın müstəqilliyini ləğv etməsi deməkdir, çünki gürcü xalqının öz hakimiyyətini seçmək hüququ əlindən alınır.
"1921-ci ildə Qızıl Ordu Gürcüstana daxil olanda da guya gürcü xalqına kömək etmək adı ilə gəlmişdi. Deyirdilər ki, müstəqil Gürcüstanın o zamankı hakimiyyəti xalqa xidmət etmir və xalqın yardıma ehtiyacı var. Beləliklə, süngü ilə Gürcüstana daxil olub suverenliyimizi ləğv etdilər. Məntiq eynidir: xalqın iradəsi yox, kimin xalq sayılması önəmlidir. Kim istəsə, bunu bəhanə edib müdaxilə edir və suverenliyi aradan qaldırır. Bu gün isə eyni proses sözlə həyata keçirilir", - deyə spiker vurğulayıb.
Onun sözlərinə görə, Kaya Kallas "gürcü xalqı" anlayışını özü müəyyən etməyə çalışır və bu anlayışa yalnız maliyyələşdirdiyi agentura daxil edilir. Məhz bu "xəyali xalq" adından Gürcüstan dövlətçiliyini ləğv etmək cəhdi göstərilir.
Papuaşvili qeyd edib ki, "mən xalqı dəstəkləyirəm, hakimiyyəti yox" ifadəsi mahiyyət etibarilə Gürcüstan xalqının seçdiyi hakimiyyətin legitimliyini şübhə altına almaqdır: "Bu hakimiyyət gürcü xalqı tərəfindən seçilib və bu, demokratiyadır. Belə danışan ya demokratiyanın nə olduğunu anlamır, ya da digər dövlətlərin suverenliyini ləğv etməyə yönəlmiş siyasətin daşıyıcısıdır. Kaya Kallas məsələsində, məncə, birincidir".
Spiker əlavə edib ki, bu, Kallasdan reallıqdan uzaq açıqlamaların ilk dəfə eşidilməsi deyil və bu, Avropanın üzləşdiyi çağırışlar fonunda Aİ-nin xarici siyasətinin yetkin olmadığını bir daha göstərir. "Ağ Evdə buna Aİ xarici siyasətinin 'estoniyalaşması' deyirlər - yəni Avropa diplomatiyasının yerini düşünülməmiş aktivizm tutur və bu, qitəni fəlakətə aparır. Avropa yetərli siyasi yetkinlik göstərsəydi, Ukraynada müharibə də olmazdı", - deyə Papuaşvili bildirib.