Polşa gömrüyü Ukraynadan gətirilən zibillə dolu 35 vaqonu geri qaytarıb- ÖZƏL
13:33 DünyaPolşa gömrük orqanları Ukraynadan ölkə ərazisinə gətirilməyə cəhd edilən zibillə dolu 35 dəmir yolu vaqonunu geri qaytarıb. Olaylar.az xəbər verir ki, məlumata görə, yük Polşaya metal qırıntısı adı altında daxil edilmək istənilib.
Bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Bildirilib ki, yükü göndərən tərəf tullantıların idxalı üçün tələb olunan müvafiq sənədləri təqdim etməyib. Məsələ ilə bağlı yerli gömrük idarəsinin nümayəndəsi Yustina Paseçinskaya açıqlama verib.
Gömrük xidmətinin məlumatına əsasən, ümumi çəkisi təxminən 1,5 min ton olan tullantılar Polşaya "Dorohusk" dəmir yolu sərhəd-keçid məntəqəsi vasitəsilə gətirilməyə cəhd göstərilib. Aparılan yoxlama zamanı vaqonlarda müxtəlif növ tullantıların - istifadədən çıxmış avtomobil ehtiyat hissələrinin, montaj köpüyünün, kabellərin, eləcə də tekstil və plastik materialların olduğu müəyyən edilib.
Hadisə ilə bağlı Lyublin şəhər prokurorluğu qaçaqmalçılıq faktı üzrə araşdırmalara başlayıb.