“Biz həmin qatar üçün bilet almadıq” – Orban Kiyev üçün Aİ kreditini tənqid etdi- ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqı tərəfindən ayrılması razılaşdırılan 90 milyard avroluq faizsiz krediti heç vaxt geri qaytara bilməyəcəyini bildirib. Olaylar.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə açıqlama verib. Orban qeyd edib ki, Macarıstan, Slovakiya və Çexiya Ukraynaya iki il ərzində ümumi Aİ borcu hesabına 90 milyard avro ayrılmasında iştirakdan imtina ediblər. Onun sözlərinə görə, bu ölkələr Aİ-nin birgə kredit götürərək həmin vəsaiti Kiyevə ötürməsini düzgün hesab etməyib.
"Biz dedik ki, birgə borc götürmək və hamımızın əvvəlcədən qaytara bilməyəcəyini bildiyimiz krediti Ukraynaya vermək istəmirik", - deyə Orban vurğulayıb.
Macarıstanın baş naziri bildirib ki, Çexiya, Slovakiya və Macarıstan istisna olmaqla, Aİ-yə üzv digər ölkələr Ukraynaya hərbi məqsədlər üçün kredit ayrılması məsələsində birləşiblər. "Biz həmin qatar üçün bilet almadıq", - deyə Orban vəziyyəti metaforik şəkildə ifadə edib.
Onun sözlərinə görə, bu mövqe Macarıstan vətəndaşlarının gələcək nəsillərini - uşaqları və nəvələrini Ukraynaya verilən hərbi kreditin geri ödənilməsi yükündən xilas edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31