KTMT: Ermənistan alyansın müttəfiqi olaraq qalır – ÖZƏL

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və olaraq qalır, respublikanın təşkilatda tamhüquqlu iştirakı üçün qapılar açıqdır. 

Olaylar.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT Ermənistanın yaxın perspektivdə təşkilatın fəaliyyətində tam şəkildə iştirakına qayıdacağına ümid edir. Tasmaqambetov qeyd edib ki, bunun üçün bütün şərtlər və əsaslar mövcuddur: "Biz ondan çıxış edirik ki, Ermənistan xalqı Avrasiya məkanında ümumi təhlükəsizlik mühitinin formalaşdırılmasında maraqlıdır. Üstəlik, Ermənistan Xarici İşlər Nazirliyi noyabr ayında bəyan edib ki, respublikanın KTMT-dən çıxması məsələsi gündəmdə deyil".

KTMT-nin baş katibi xatırladıb ki, hazırda Ermənistan təşkilatdakı fəaliyyətini dayandırıb və bu, ölkənin siyasi rəhbərliyinin KTMT-yə münasibətdə mövcud mövqeyini əks etdirir. O vurğulayıb ki, bu qərar müstəqil və suveren dövlətin seçimidir və heç bir dövlət və ya təşkilat bu qərara təsir göstərə bilməz.

Qeyd edək ki, daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan da ölkənin KTMT-dən çıxmasının hazırda gündəmdə olmadığını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31