Gia Caparidze: “Gürcü Arzusu” faşist rejimdir, ölkədə totalitar dövlət qurulur- ÖZƏL

Gürcüstanın müxalifətçi siyasətçisi, "Koalisiya Dəyişiklik Uğrunda" hərəkatının liderlərindən biri olan Zurab "Girçi" Caparidzenin qardaşı Gia Caparidze hakim "Gürcü Arzusu" partiyasını faşist rejim adlandırıb və ölkədə totalitar idarəçiliyin formalaşdırıldığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, "İnterpressNyus"a müsahibəsində danışıb.
Gia Caparidzenin sözlərinə görə, Zurab Caparidzenin Rustavi həbsxanasından planlaşdırılandan daha tez azad edilməsi təsadüfi deyil və hakimiyyət həbsxana qarşısına çox sayda insanın toplaşmasından ehtiyat edib.
"'Gürcü Arzusu' faşist rejimdir və onlardan hər şeyi gözləmək olar. Açığı, Zuranı vaxtından əvvəl buraxa biləcəklərini hesablamamışdım. Görünür, qorxdular ki, həbsxana qarşısına çox adam yığılacaq. Mən artıq yoldan qayıtmışdım. Onlar ümumiyyətlə dibin də altındadırlar. Bu məsələdə heç kimin şübhəsi yoxdur - Zurab həbsdə tamamilə ədalətsiz saxlanılırdı", - deyə Gia Caparidze bildirib.
O, mövcud vəziyyəti XX əsrin 20-30-cu illərindəki sovet repressiyaları ilə müqayisə edərək qeyd edib ki, insanlar o dövrdə də eyni şəkildə haqsız yerə həbs olunurdu. Onun fikrincə, Gürcüstanda artıq totalitar dövlətin əsas əlamətləri formalaşıb.
Gia Caparidze əlavə edib ki, qardaşının yenidən həbs olunması ehtimalını da istisna etmir:
"Hər şeyi gözləmək olar. Səhv edirik ki, bunu sadəcə avtoritarizmin möhkəmlənməsi adlandırırıq. Avtoritarizm Gürcüstanda 2013-cü ildən mövcuddur. İndi isə totalitarizmin əlamətlərinin təxminən 80 faizi artıq göz önündədir. Bu ölkəni bir növ laboratoriyaya çeviriblər və 'qots' tipli yeni insan modeli formalaşdırırlar. İnsanlara deyilir ki, düşünməyin, fərqli fikrə görə, hətta səkidə dayandığına görə belə insanları saxlayırlar. Bu, Sovet İttifaqında belə olmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31