Erməni politoloq: Aİ-nin Ermənistana seçkiöncəsi dəstəyi Brüsselin maraqlarına xidmət edir – ÖZƏL
10:40 DünyaAvropa İttifaqının parlament seçkiləri ərəfəsində Ermənistana xarici informasiya müdaxiləsinə qarşı mübarizə adı altında göstərdiyi dəstək ölkəni Brüssel üçün əlverişli xarici siyasət kursunda saxlamağa yönəlib.
Olaylar.az xəbər verir ki, bu fikri Sputnik Ermənistan-a müsahibəsində politoloq Ara Poqosyan bildirib.
Xatırladaq ki, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanın Moldovada tətbiq olunan model əsasında yardım istədiyini açıqlayıb. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos isə bu dəstəyin həcminin 12 milyon avro təşkil etdiyini və vəsaitin "informasiya manipulyasiyaları və xarici müdaxilələrə qarşı mübarizə", kibertəhlükəsizliyin gücləndirilməsi və Ermənistan institutlarının hibrid təhdidlərə davamlılığının artırılmasına yönəldiləcəyini bildirib.
Ara Poqosyanın fikrincə, bu proses əslində Qərb və Rusiya arasında qarşıdurmanın lokal davamıdır. O vurğulayıb ki, Moldovada olduğu kimi, Ermənistanda da Qərbin maraqlarına uyğun siyasi xəttdən kənara çıxmanın qarşısını almaq cəhdləri müşahidə olunur.
Politoloq qeyd edib ki, ölkədə mövcud idarəetmə modeli Aİ-ni qane edir, çünki daxili legitimliyini itirən hakimiyyət əsas dayağını xarici dəstəyə bağlayıb. Onun sözlərinə görə, bu siyasət 2026-cı il parlament seçkiləri ərəfəsində daxili siyasi vəziyyətə ciddi təsir göstərəcək və artıq arzuolunmaz müxalif qüvvələrin "hibrid təsir" ittihamları ilə marginallaşdırılması cəhdləri görünür.
Poqosyan hesab edir ki, ölkə daxilində mümkün məhdudiyyətlər və repressiv addımlar Aİ tərəfindən verilən xarici legitimliklə kompensasiya olunacaq. Bu isə mövcud hakimiyyət üçün məqbul seçki nəticələrinin beynəlxalq səviyyədə tanınmasına gətirib çıxara bilər ki, bu da hər iki tərəfin maraqlarına uyğundur.
Ekspert vurğulayıb ki, Ermənistan hakimiyyəti üçün Qərb tərəfdaşlarının mövqeyi həlledicidir, çünki hazırda onların əsas dayağı məhz Qərbdir və bu mövqeyə tədricən Türkiyə və Azərbaycan da yaxınlaşır. Politoloq baş verənləri Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirərək, Aİ rəsmilərinin özlərinin belə Moldovadakı ssenari ilə paralellər apardığını xatırladıb.
Onun sözlərinə görə, Moldovada da əsas məqsəd arzuolunmaz siyasi qüvvələrin təcrid edilməsi olub və Qərbin istinad etdiyi dəyərlər siyasi məqsədəuyğunluqdan asılı olaraq seçici şəkildə tətbiq edilir. Nəticə etibarilə, bu yanaşma dövlətin suverenliyini zəiflədir və 2026-cı il parlament seçkilərində vətəndaşların azad seçim hüququnun məhdudlaşdırılması riskini artırır.