Macarıstan Aİ-nin miqrasiya paktını məhkəməyə verməyə hazırlaşır- ÖZƏL
13:41 DünyaMacarıstan Avropa İttifaqının yeni miqrasiya paktını qəbul etmir və onu məhkəmədə mübahisələndirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə baş nazir Viktor Orbanın administrasiya rəhbəri Gergey Guyyaş açıqlama verib. Onun sözlərinə görə, Aİ-nin qəbul etdiyi və üzv ölkələr arasında məcburi miqrant kvotalarını nəzərdə tutan sənəd Macarıstanın mövqeyinə ziddir. Guyyaş bildirib ki, ölkədə keçirilmiş milli referendum da böyük səs çoxluğu ilə miqrantların Macarıstana yerləşdirilməsi təklifini rədd edib.
Macarıstan hökuməti hesab edir ki, miqrasiya ilə bağlı qərarları yalnız Macarıstan xalqı verə bilər. Rəsmi Budapeşt paktın qüvvəyə minəcəyi halda onun müddəalarını Avropa İttifaqı Məhkəməsində mübahisələndirmək niyyətindədir.
Qeyd edək ki, Aİ Şurası miqrasiya paktını 2024-cü ilin mayında təsdiqləyib. Sənəd üzv ölkələrə miqrantların paylanması üçün kvotaların tətbiqini və imtina edən dövlətlərin xüsusi fonda ödəniş etməsini nəzərdə tutur. Qaydaların 2026-cı ilin iyununda qüvvəyə minməsi planlaşdırılır.