Paşinyan: “Kilsədə şəffaflıq və hesabatlılıq təmin edilməlidir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan kilsə ilə bağlı mövzunun çox həssas olduğunu bildirib və söhbətin yalnız Ermənistan Apostol Kilsəsinin (EAK) daxili qaydalarına əməl edilməsindən getdiyini qeyd edib.

Paşinyanın sözlərinə görə, hakimiyyət kilsədə şəffaflıq, hesabatlılıq və qaydalara riayət olunmasını istəyir. O bildirib ki, bəzi din xadimlərinin qaydalara uyğun olmaması onları xarici təsirlərə qarşı daha həssas edir və bu, kilsəni xarici təsir alətinə çevirə bilər.

Baş nazir kilsənin maliyyə şəffaflığının olmamasını da problem kimi göstərib: "Bəzi kilsə rəhbərləri dəbdəbə içində yaşayır, adi din xadimləri isə yoxsulluqla üzləşir. Bu, ölkənin mənəvi atmosferinə zərər vurur". Paşinyan kilsədə islahatlara, din xadimlərinin dürüstlüyünü yoxlamaq üçün mexanizmlərə ehtiyac olduğunu vurğulayıb.

O, hökumətin EAK-a qarşı fəaliyyət göstərdiyi iddialarını isə rədd edib: "Bu, mümkün deyil, çünki mən özüm Ermənistan Apostol Kilsəsinin ardıcılıyam və İsa Məsihə inanıram. Hökumət üzvlərinin böyük əksəriyyəti də EAK-ın davamçısıdır. Biz sadəcə kilsənin şəffaf, dürüst və dəyərlərə əsaslanan bir qurum olmasını istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31