Ukraynada rusdilli saytların qadağan edilməsi ilə bağlı petisiya hökumətə təqdim olunacaq- ÖZƏL

Ukraynada yerli saytların rusdilli versiyalarının tam qadağan edilməsi ilə bağlı müraciət hökumət tərəfindən nəzərdən keçiriləcək. Məsələ, sözügedən petisiyanın tələb olunan 25 min imzanı toplamasından sonra gündəmə gəlib. Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən petisiya kartında əks olunub. Sentyabrın əvvəlində qeydiyyatdan keçmiş petisiya üç ay ərzində 25 min səs toplamalı idi ki, hökumət tərəfindən baxılsın. Müraciətin müəllifi bildirir ki, ölkə vətəndaşları dövlət dilini bilməli və istifadə etməlidir, rusdilli versiyalar isə "Rusiyanın informasiya təsirinin qorunub saxlanmasına və yayılmasına şərait yaradır".
Petisiya müəllifi "Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında" qanuna dəyişiklik edilməsini təklif edir. Təklifə əsasən, Ukrayna saytları digər dillərdə versiyalara malik ola bilər, lakin rus dili bu siyahıya daxil edilməməlidir. Bu isə ölkədə rusdilli versiyaların yaradılması və fəaliyyətinin tam qadağan olunması deməkdir.
Qanunvericilikdə nəzərdə tutulan prosedura uyğun olaraq, indi müvafiq qanun layihəsinin hazırlanması və Ali Radaya təqdim edilməsi Nazirlər Kabinetinin öhdəsinə düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31