Yaponiyanın baş naziri Çinlə gərginliyin artması fonunda Trampla görüşmək istəyir- ÖZƏL
11:10 DünyaYaponiyanın baş naziri Sanae Takaiti Tokio ilə Pekin arasında gərginliyin artdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp ilə ən qısa zamanda yeni bir görüş keçirmək istədiyini bildirib. Bu məsələ ölkə parlamentində aparılan müzakirələr zamanı gündəmə gətirilib. Olaylar.az xəbər verir ki, Millət vəkili, Xalq-Demokratik Partiyasının sədri Yuitiro Tamaki müzakirələr zamanı baş nazirin Tayvanla bağlı əvvəlki çıxışlarından geri çəkilməməli olduğunu vurğulayıb. O, əksinə, Takaitinin bu məsələdə ardıcıl və prinsipial mövqeyini açıq şəkildə ifadə etməli olduğunu deyib. Tamaki, həmçinin, Çin rəhbərliyini "informasiya müharibəsi" aparmaqda ittiham edərək, Yaponiya-ABŞ alyansının "sarsılmaz birliyini" nümayiş etdirmək üçün baş nazirin Tramp ilə tezliklə görüşməsi lazım olduğunu bildirib. O, belə bir görüş üçün yanvar 2026-da keçiriləcək Davos sammitini mümkün platformalardan biri kimi göstərib.
Baş nazir Takaiti isə bildirib ki, Tokio mövcud vəziyyətlə bağlı mövqeyini ABŞ da daxil olmaqla bütün müttəfiq ölkələrə, xüsusilə G7 tərəfdaşlarına daim çatdırır. Tramp ilə görüş arzusundan danışan baş nazir əlavə edib ki, bu görüş yalnız Davos sammiti ilə məhdudlaşmır.
"Vaşinqtona səfər edə bilərəm və ya prezident Tramp hər hansı üçüncü ölkəni ziyarət etdiyi zaman orada da görüşmək mümkündür", - deyə o qeyd edib.