Paşinyan: Qarşıdan gələn seçkilər regionun yeni mərhələsinə keçid üçün tarixi imkan yaradır – ÖZƏL
10:52 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan Berlindəki Almaniya Xarici Əlaqələr Assosiasiyasında çıxışı zamanı qarşıdan gələn seçkilərin və sülh prosesinin əhəmiyyətini şərh edib. O, sülh prosesinin onun şəxsiyyəti ilə nə dərəcədə bağlı olması sualına cavab verərkən bildirib ki, bu seçkilər Ermənistan və region üçün "tarixi fürsətdir" və ölkəni tamamilə yeni mərhələyə aparacaq.
"Həqiqətən, indi möhkəm sülh qurmaq üçün misilsiz bir fürsətimiz var."
Bu sülhün region ölkələrinin dövlətçiliyini, müstəqilliyini və suverenliyini qorumaq və gücləndirmək üçün çox vacib olduğunu vurğulayıb.
Müqavilənin indi mümkün olmasının ən vacib amillərindən biri kimi region ölkələri arasında "ümumi maraqların qarşılıqlı anlaşılmasını" göstərib.
Paşinyanın fikrincə, 1991-ci ildən fərqli olaraq, hazırkı sülhün əsas amili regiona dair yeni bir anlayışın və yeni perspektivin yaranmasıdır. Bu, ölkələri daha müstəqil, daha suveren və daha təhlükəsiz etmək üçün istifadə edilə biləcək misilsiz bir vəziyyət yaradır.
Baş nazir sonda bu nailiyyətin Ermənistan və Azərbaycan, eləcə də daxili siyasət baxımından öz partiyası, "Vətəndaş Müqaviləsi" üçün ümumi nailiyyət olduğunu qeyd edərək, "bu çox çətin vaxtlardan, belə demək mümkünsə, cəhənnəmdən keçərək" bu nöqtəyə çatdıqları üçün məmnunluğunu bildirib.