İran TRIPP layihəsindən narahatdır: “Cənubi Qafqazda üçüncü qüvvələrə qarşıyıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranlı politoloq, İran-Avrasiya Tədqiqatları İnstitutunun direktor müavini Armina Arm "Sputnik Ermənistan"a açıqlamasında bildirib ki, Tehran "Tramp marşrutu" (TRIPP) layihəsindən narahatdır və Cənubi Qafqazda üçüncü qüvvələrin, xüsusilə ABŞ-nin iştirakına qarşı çıxır.

Onun sözlərinə görə, İran dəfələrlə Azərbaycan və Ermənistanı öz "qırmızı xətləri" barədə məlumatlandırıb və hazırda regiondakı prosesləri diqqətlə izləyir. Arm qeyd edib ki, ABŞ-nin İrana 40 ildən çoxdur sərt sanksiyalar tətbiq etməsi Tehranın bu məsələdə mövqeyini daha da sərtləşdirir.

Ekspert bildirib ki, son illərdə İran Yaxın Şərqdəki proseslər və nüvə proqramı ilə məşğul olduğundan Cənubi Qafqaza diqqəti nisbətən azalmışdı. Lakin Qarabağ müharibəsindən və Ukrayna ilə bağlı hadisələrdən sonra regionda vəziyyət dəyişib. O hesab edir ki, 12 günlük İran-İsrail gərginliyindən sonra Tehran region siyasətini daha da aktivləşdirəcək.

İran həm Ermənistan, həm də Azərbaycanla normal münasibətlər saxlayır və iki ölkə arasında sülhə töhfə verəcək istənilən təşəbbüsü alqışlayır. Bununla belə, TRIPP layihəsinin detallarının - infrastrukturun kim tərəfindən idarə olunacağı və kimin nəzarət edəcəyi - İran üçün hələ də aydın olmadığı bildirilir.

Arm layihəni real hesab etmir və düşünür ki, Ukrayna müharibəsi bitdikdən sonra Rusiya regiona qayıdacaq və vəziyyət dəyişəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31