İran BMT-də: “Genosid cinayətlərinin qarşısı qətiyyətlə alınmalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi və səfiri Emir Səid İrevani BMT Baş Assambleyasının "Genosid qurbanlarının xatirə günü"nün 10-cu ildönümünə həsr olunan iclasında çıxış edərək, ölkəsinin genosid cinayətinin qarşısının alınması və onunla mübarizəyə sadiqliyini bir daha vurğulayıb.

Diplomat bildirib ki, genosidin qarşısının alınması beynəlxalq hüququn tələbidir və insanlıq qarşısında ağır məsuliyyətdir. Onun sözlərinə görə, bütün dövlətlər genosidin qarşısını almaq və bu cinayətə görə cəzalandırmaq öhdəliyinə malikdir və heç bir ölkə bu qadağanı görməməzlikdən gələ bilməz.

İrevani çıxışında "Müstəqil Beynəlxalq Araşdırma Komissiyası"nın Qəzzada İsrailin törətdiyi əmələ dair "son dərəcə narahatedici" nəticələr ortaya qoyduğunu və bu hərəkətlərin genosid həddinə yaxın qiymətləndirildiyini bildirib.

O qeyd edib ki, İsrail rejimi beynəlxalq hüququ dəfələrlə pozur və BMT mexanizmləri bu pozuntuları hərtərəfli sənədləşdirir. Səfirin sözlərinə görə, bu cinayətlər gizlədilə və ya əsaslandırıla bilməz, bəzi Qərb mediası isə dezinformasiya ilə bu hərəkətləri legitimləşdirməyə çalışır.

İran nümayəndəsi həmçinin bəzi Qərb ölkələrinin gizli diplomatiya arxasında dayanaraq İsrailin genosid xarakterli hərbi kampaniyasını dolayı yolla dəstəklədiyini iddia edib.

Sonda İrevani bildirib ki, BMT təkcə anım tədbirləri ilə kifayətlənməməli, üzv dövlətlərin həqiqi siyasi iradəsi ilə genosidin qarşısını almaq üçün təcili və birgə addımlar atmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31