Kallas Avropa Komissiyasına geniş hərbi səlahiyyətlər verilməsini təklif edir- ÖZƏL
9 Dekabr 2025 15:25 DünyaAvropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Avropa Komissiyasının (AK) hərbi sahədə səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə çağırıb. Olaylar.az xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı bildirib.
Kallas qeyd edib ki, Aİ ölkələrinin müdafiə nazirləri ilə keçirilən son görüşdə Avropanın müdafiə sahəsində milli yanaşmadan qitə miqyaslı yanaşmaya keçidinin vacibliyi önə çıxıb. Onun sözlərinə görə, bəzi növ silahlar o qədər mürəkkəb və bahalıdır ki, ayrı-ayrı ölkələrin onları təkbaşına əldə etməsi mümkün olmaya bilər.
"Ministrlər Aİ daxilində hərbi imkanların yaradılması üçün koalisiyaların formalaşdırılmasını təklif etdilər. Bu koalisiyalara ayrı-ayrı ölkələr rəhbərlik edə bilər. Lakin Avropa Komissiyası bu prosesi koordinasiya etmək, birgə alış və layihələri həyata keçirmək baxımından mühüm rol oynaya bilər",-Kallas vurğulayıb. Aİ-nin əsas sənədlərinə görə, Avropa Komissiyası hərbi sahədə səlahiyyətə malik deyil və bu sfera həmişə üzv dövlətlərin səlahiyyəti sayılıb. Lakin 2024-cü ilin payızında AK prezidenti Ursula fon der Leyen ilk dəfə Komissiya daxilində müdafiə üzrə komissar vəzifəsi yaradaraq bu istiqamətdə yeni mərhələnin əsasını qoyub. Bu addım hüquqi baza dəyişdirilmədən Brüsselin hərbi sahədə təsir imkanlarının artırılması kimi qiymətləndirilir.