“Ermənistanın KTMT-dəki “dondurulmuş” statusunun müddəti İrəvandan asılıdır” – Vıbornıy – ÖZƏL

Olaylar.az xəbər verir ki, KTMT PA-nın müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiya sədri, Rusiya Dövlət Dumasının sədr müavini Anatoliy Vıbornıy bildirib ki, Ermənistanın KTMT-dəki "dondurulmuş" statusunun nə qədər davam edəcəyi birbaşa İrəvanın qərarından asılıdır. Onun sözlərinə görə, Ermənistan parlament nümayəndələri KTMT PA tədbirlərində iştirak etməsələr də, qurumda qəbul olunan sənədlərə qarşı çıxmırlar.

Vıbornıy vurğulayıb ki, KTMT-də qərarlar yalnız üzv ölkələrin "yaxşı niyyəti" əsasında qəbul olunur və heç bir dövlətə təzyiq edilmir. O əlavə edib ki, Ermənistan da qurumun qəbul etdiyi qərarlara hörmətlə yanaşır.

O, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsinə toxunaraq, KTMT ölkələrinin münaqişələrin yalnız dinc yolla həllinin tərəfdarı olduğunu bildirib. Vıbornıy xatırladıb ki, Rusiya 1990-cı illərin əvvəllərindən etibarən Qarabağ münaqişəsinin həllinə töhfə verib və bu siyasət davam edir.

Xatırladaq ki, Ermənistan 2024-cü ildən KTMT-dəki fəaliyyətini tam şəkildə dondurub. Baş nazir Nikol Paşinyan bunun geriyə dönüşü "demək olar ki, mümkünsüz" etdiyini demişdi. Rusiya rəsmiləri isə Ermənistanın qərarının Qərbin təsiri ilə verildiyini bildirirlər. Prezident Vladimir Putin son açıqlamasında qeyd edib ki, bu, Ermənistanın öz seçimidir və KTMT ölkələri buna hörmətlə yanaşırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31