ABŞ Ukraynaya dəstəyi kredit ödənişlərindən sonra azaldacaq- ÖZƏL
9 Dekabr 11:18 DünyaABŞ Ukraynaya dəstəyini azaltmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri Avropa İttifaqı diplomatik mənbələrinə istinadla xəbər verir. ABŞ bu qərarı 2024-cü ildə əvvəlki prezident Co Bayden administrasiyası dövründə G7 ölkələri tərəfindən təsdiqlənmiş kredit xəttinin son tranşları ödənildikdən sonra həyata keçirəcək. Məlumata görə, ABŞ bu mövzuda 8 dekabr tarixində video-konfrans formatında keçirilmiş G7 maliyyə nazirləri və aparıcı beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri ilə görüşdə məlumat verib. Görüşdə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da iştirak edib.
Eyni zamanda, ABŞ və Yaponiya Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi sxeminə qoşulmaqdan imtina edib. Qeyd edək ki, 2 oktyabr tarixində Politico yazmışdı ki, AB G7 çərçivəsində ABŞ və Yaponiyaya təzyiq göstərərək Rusiya aktivlərinin müsadirəsini tələb edir.
3 dekabrda ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton artıq Ukraynaya yardım üçün öz vəsaitlərini xərcləmir, NATO isə Ukraynaya silah tədarükü üçün ABŞ-dan silah alır.