Rusiya və Hindistan ABŞ hegemonluğunu zəiflətmək üçün yollar axtarır- Çinli ekspert- ÖZƏL

Rusiya və Hindistanın son dövrdə yaxınlaşması iki ölkənin ABŞ hegemonluğunu və dolların qlobal dominantlığını zəiflətməyə yönələn yeni əməkdaşlıq yolları axtardığını göstərir. Olaylar.az xəbər verir ki, bu barədə Şanxaydakı Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin eksperti Çjen Runyuy TASS-a müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, Hindistanın son geosiyasi addımları və Rusiyaya yaxınlaşması Vaşinqtonun təsirini balanslaşdırmağa hesablanıb:
"Bu, ABŞ-la qarşıdurma demək deyil. Söhbət dollardan birtərəfli asılılığı azaltmaq, çoxşaxəli əməkdaşlıq mexanizmləri qurmaqdan gedir. Rusiya-Hindistan tərəfdaşlığı böyük dövlətlərin öz strateji maraqlarına uyğun müstəqil təhlükəsizlik modeli formalaşdırmaq istədiyini göstərir."
Çjen Runyuy qeyd edib ki, Moskva və Dehlinin atdığı addımlar artıq ənənəvi ikitərəfli münasibətlərin çərçivəsindən kənara çıxır və daha konkret məqsədlərə əsaslanır. Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlıq, hərbi-texniki ticarət və nüvə energetikası üzrə layihələr Qərbin maliyyə sanksiyalarını və informasiya təzyiqlərini dolanmış şəkildə inkişaf etdirilir:
"Bu proses uzunmüddətli perspektivdə dolların dominant olduğu enerji və silah bazarlarına təsir göstərə bilər."
Ekspert əlavə edib ki, Rusiya və Hindistan arasında yüksək səviyyəli diplomatiya böyük dövlətlərin çoxqütblü dünya qurmaq səylərini nümayiş etdirir. Onun sözlərinə görə, ABŞ və Qərbin Rusiyanı qlobal miqyasda təcrid etmək cəhdləri ciddi nəticə verməyib:
"Qlobal cənub ölkələri də daxil olmaqla bir çox böyük dövlətlər öz milli maraqlarına əsaslanan müstəqil mövqe saxlayır."
Çjen Runyuy bildirib ki, Hindistan ABŞ-ın təzyiqlərinə qarşı davamlılıq nümayiş etdirib və müstəqil xarici siyasət kursuna sadiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31