Mikaelyan: Ermənistanın Rusiyaya qarşı sanksiyalara qoşulması real deyil – ÖZƏL
9 Dekabr 2025 09:17 DünyaErmənistanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulması ehtimalı çox aşağıdır.
Olaylar.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a politoloq Qrant Mikaelyan bildirib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı Qərb sanksiyaları fonunda Rusiya ilə əməkdaşlığın genişlənməsindən ciddi fayda əldə edib və bu, ölkənin ÜDM artımına güclü təsir göstərib.
Mikaelyan qeyd edib ki, sanksiyalara qoşulan ölkələrlə, Rusiya ilə iqtisadi əlaqələri gücləndirən ölkələr arasında illik ÜDM artımı fərqi 7%-ə çatır. Politoloq hesab edir ki, rəsmi İrəvan belə bir artımdan imtina etməyə hazır deyil, baxmayaraq ki, bəzi sahələrdə Moskva ilə əməkdaşlıqda korreksiya mümkündür.
Ekspert Aİ-nin Ermənistana "hibrid təhdidlərə qarşı" dəstək vədi ilə bağlı da şərh verib. O bildirib ki, real təhlükələr Ermənistan üçün ilk növbədə Azərbaycandan gəlir.(?) Bununla belə, Brüsselin bu istiqamətdə İrəvana ciddi maliyyə ayıracağına şübhə etdiyini vurğulayıb. Onun fikrincə, Aİ daha çox Rusiya təsirinə qarşı informasiya və media sahələrinə dəstək verməyə hazırlaşır.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, Aİ-nin mövqeyi Ermənistan-Rusiya münasibətlərinə zərər vurmağa yönəlib və Brüsselin əsas hədəfi bölgədə sülhə yardım deyil, ikitərəfli əlaqələri zəiflətməkdir.