Ukrayna danışıqları dalana dirənir: ABŞ prosesi tam nəzarətə götürüb
18:34 DünyaUkrayna üzrə sülh danışıqları getdikcə daha mürəkkəb mərhələyə daxil olur.
Olaylar.az xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ Avropa ilə münasibətlərdə sərt xətti gücləndirdiyi bir vaxtda danışıqlar prosesini tam nəzarətinə götürüb. Bu vəziyyət isə Avropa İttifaqına üzv ölkələrin paytaxtlarında ciddi narahatlıq doğurur.
Məlumata görə, yaranmış vəziyyət fonunda Ukrayna Prezidenti Volodimir Zelenski təcili olaraq Londona səfər edib. Onun Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniyanın kansleri Fridrix Merts ilə görüşlər keçirməsi nəzərdə tutulur. Kiyev Vaşinqtonun irəli sürdüyü yeni təşəbbüslərin hansı nəticələrə gətirib çıxara biləcəyini anlamağa çalışır.
CNN qeyd edir ki, hazırda ABŞ Ukrayna üzrə sülh prosesini faktiki olaraq özü yönləndirir, halbuki Vaşinqtonun Avropaya münasibəti daha da sərtləşib. ABŞ-ın sabiq prezidenti Donald Tramp isə Zelenskini "ABŞ-ın yeni sülh planını oxumamaqda" ittiham edib.
Bu proseslər fonunda Moskvanın da Vaşinqtonun yenilənmiş strategiyasına müsbət yanaşdığı bildirilir. Yeni sənəddə Rusiyanın artıq "təhlükə" kimi xarakterizə olunmaması diqqət çəkir. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-da baş verən dəyişiklikləri "Rusiyanın baxışlarına uyğun" adlandırıb və Donald Trampı "güclü siyasətçi" kimi qiymətləndirib.
Avropada isə narahatlıq getdikcə artır. Brüsseldə hesab edirlər ki, ABŞ və Rusiya artıq Ukrayna üzrə mümkün razılaşmanın əsas konturlarını müəyyənləşdirir və Avropa İttifaqı fakt qarşısında qalmaq riski ilə üz-üzədir.
Aİ diplomatlarının narahatlığı bir neçə əsas məqamla izah olunur:
qərarların Avropanın iştirakı olmadan qəbul edilməsi;
Vaşinqtonun Kiyevi ABŞ və Rusiya üçün daha sərfəli kompromisə razı salmağa çalışması;
Avropa dövlətlərinin prosesdə kənar müşahidəçiyə çevrilmək təhlükəsi.
CNN vurğulayır ki, hazırkı dinamika transatlantik birlikdə ciddi gərginlik yaradıb. Avropa artıq nə prosesin ritmini, nə də yekun siyasi konturlarını müəyyən edə bilir.