Ermənistan: İranla bütün sahələrdə əməkdaşlıq bizim üçün prioritetdir- ÖZƏL

Ermənistan İranla bütün sahələrdə əməkdaşlığa böyük əhəmiyyət verdiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan-İran Dostluq Qrupunun rəhbəri Narek Babayan İran İslam Respublikası Məclisindən olan nümayəndə heyəti ilə görüşdə bildirib. Dekabrın 8-də keçirilən görüşdə həmçinin dostluq qrupunun üzvü Şirak Torosyan da iştirak edib. Narek Babayan çıxışında İranı Ermənistanın "xüsusi dost və tərəfdaş dövləti" adlandıraraq, Tehran rəhbərliyinin regionda sülh və sabitliyə töhfə verən balanslı siyasət yürütməsini vurğulayıb. O qeyd edib ki, parlamentlərarası əməkdaşlıq və dostluq qrupları iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayır.
İran Məclisinin deputatı Esmail Siavaş səmimi qarşılanmaya görə təşəkkür edərək bildirib ki, İran və Ermənistan arasında çoxsaylı ortaq məqamlar mövcuddur. O, qarşılıqlı səfərlərin aktivləşməsinin ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib və Ermənistanda fars dilinin tədrisi üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirib.
Görüşdə Şirak Torosyan Ermənistan parlamentinin Regional və Avrasiya İnteqrasiyası üzrə Daimi Komissiyasının üzvü olduğunu xatırladaraq, İran Məclisinin müvafiq komissiyası ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər bütün mümkün sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan hökumətinin təşəbbüsü olan "Sülh Xaçı" (Crossroads of Peace) layihəsi, eləcə də qarşılıqlı səfərlərin təşkili məsələlərini müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31