Kambocanın baş naziri bütün ölkəni əhalini qorumaq üçün birləşməyə çağırıb- ÖZƏL
15:00 DünyaKambocanın baş naziri Hun Manet ölkədəki bütün dövlət qurumlarını, silahlı qüvvələri və vətəndaşları Taylandla sərhəddə yenidən alovlanan gərginlik fonunda xalqın təhlükəsizliyini və ölkənin suverenliyini qorumaq üçün birliyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Khmer Times məlumat yayıb. Hun Manet bildirib ki, Kamboca hökuməti iki əsas öhdəliyinə- əhalinin müdafiəsinə və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin qorunmasına sadiqdir. O, bütün nazirliklərin, dövlət orqanlarının, qoşun növlərinin və vətəndaşların "çətin dövrdə milli həmrəylik göstərməli" olduğunu vurğulayıb.
Kambocanın Müdafiə Nazirliyi isə Taylandı oktyabrda imzalanmış birgə sülh bəyannaməsini pozmaqda ittiham edib. Nazirliyin sözçüsü, general-leytenant Mali Soçheatın sözlərinə görə, Tayland ordusu son günlərdə sərhəddə provokasiyalara yol verib və 8 dekabr səhəri təxminən saat 05:00-da kambocalı hərbçilərin mövqelərinə hücum edib. Buna rəğmən, Kamboca qüvvələri "maksimum təmkin" göstərərək cavab atəşi açmayıb. Kamboca hadisə ilə bağlı ASEAN müşahidəçilər qrupunu məlumatlandırıb və baş verən döyüşlərin tam şəkildə araşdırılmasına çağırıb.
Müdafiə Nazirliyinin açıqlamasına görə, sərhəddəki son insidentlər nəticəsində azı dörd kambocalı mülki şəxs həyatını itirib, doqquz nəfər isə yaralanıb.