Dövlət Departamenti Polşaya 780 milyon dollarlıq “Javelin”lərin satışını təsdiqlədi
08:02 DünyaABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollar dəyərində "Javelin" tank əleyhinə raket komplekslərinin mümkün satışını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, Polşa hakimiyyəti ABŞ-yə 2506 ədəd "Javelin FGM-148F" raketi və 253 ədəd buraxılış kompleksi almaq üçün sorğu göndərib. Sövdələşmənin ümumi məbləği 780 milyon dollar olaraq qiymətləndirilir.
Qeyd olunur ki, bu silahların Polşaya satılması NATO üzrə müttəfiqin müdafiəsini gücləndirəcəyi üçün ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik sahələrində məqsədlərinə nail olmasına kömək edəcək.
Agentlik hesab edir ki, potensial sövdələşmə Polşanın mövcud və gələcək təhdidlərə cavab vermək imkanlarını genişləndirəcək. Eyni zamanda, agentlik nümayəndələri əmindirlər ki, Varşavaya "Javelin" tank əleyhinə raket komplekslərinin satışı regionda hərbi güc balansını dəyişməyəcək və ABŞ hökumətinin əlavə nümayəndələrinin və ya podratçıların göndərilməsini tələb etməyəcək.