Zəngəzur dəhlizinin gələcək ticarətdə strateji rolu var – İranlı parlamentinin komitə sədri
14:12 DünyaZəngəzur dəhlizinin gələcək ticarətdə, hətta siyasi münasibətlərdə strateji rolu var.
Olaylar.az-ın məlumatına görə, bunu İran parlamentinin sivil komitəsinin sədri Məhəmməd Rza Rezayi Kuçi bu gün (18 sentyabr) İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz Azad Ticarət Zonasında İran parlamentinin sivil komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, İran parlamentinin nümayəndə heyətinin bölgəyə səfərinin əsas məqsədlərindən biri Zəngəzur dəhlizi ilə yaxından tanış olmaqdır.
Rezayi Kuçi bildirib ki, bununla yanaşı hazırda İran tərəfində, əsasən Araz Ticarət Zonasında çoxlu sayda infrastruktur problemlər mövcuddur. Sözügedən dəhlizlə əlaqədar layihələr çərçivəsində işlərin başa çatdırılması, Culfa dəmiryolu şəbəkəsinin vəziyyətinin yaxşılaşdırılması, qatarların sürətinin artırılması, eləcə də Mərənd-Culfa magistral yolunda qalan 7 kilometrin tikintisinin başa çatdırılması diqqət mərkəzində saxlanılır.
Rezayi Kuçi deyib ki, İranın 7 ölkə ilə quru sərhədi var. Bu isə qonşu ölkələrlə ticarət və iqtisadi əməkdaşlıq üçün dəyərli imkanlardır.
Qeyd edək ki, İran parlamentinin nümayəndə heyəti digər rəsmilərlə birlikdə bu gün İranın şimal-qərbində Araz Azad Ticarət Zonasına səfər edib.