Ukrayna və Böyük Britaniya arasında “əsrlik tərəfdaşlıq” sazişi ratifikasiya olundu - ÖZƏL
14:31 DünyaUkrayna parlamenti Böyük Britaniya ilə "əsrlik tərəfdaşlıq" haqqında sazişi ratifikasiya edib. Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib. Onun sözlərinə görə, sənədin lehinə 295 deputat səs verib. Deputat İrina Heraşenko isə bildirib ki, saziş "səs-küylü adına baxmayaraq", əsasən çərçivə xarakteri daşıyır. Qeyd edək ki, "əsrlik saziş" yanvarın 16-da Böyük Britaniyanın baş naziri Kir Starmerin Kiyevə səfəri zamanı imzalanıb. Financial Times yazırdı ki, sənəd Londona Ukrayna ərazisində faydalı qazıntıların hasilatı imkanını verir. Rəsmi Kiyevin məlumatına görə, saziş çərçivəsində Böyük Britaniya hər il Ukraynaya azı 3,6 milyard dollar məbləğində hərbi yardım göstərəcək, pilotsuz uçuş aparatları və artilleriya daxil olmaqla hərbi istehsala sərmayə qoyacaq, xüsusi birgə flotiliyalər yaradılacaq və texnologiya mübadiləsi aparılacaq. Prezident Volodimir Zelenski əlavə edib ki, sənəddə həmçinin gizli bəndlər də mövcuddur.