Bakı-Moskva gərginliyində kəşfiyyat mexanizmləri - ÖZƏL

"Azərbaycan-Rusiya münasibətlərində diplomatik-siyasi gərginliklə paralel şəkildə kəşfiyyat sahəsində də ciddi mübarizə gedir. Mümkündür ki, Rusiya Federasiyası Cənubi Qafqazdakı kəşfiyyat əməliyyatlarını son zamanlar Balkan regionunda artan fəallığı ilə sinxronlaşdırır. Kreml Balkan regionunda Bosniya müharibəsinə son qoyan 1995-ci ilin dekabrında imzalanmış Deyton sazişini ləğv etmək səylərini davamlı hala gətirib". "Olaylar" xbər verir ki, bunu siyasi şərhçi Akşin Kərimov deyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Moskvada Bosniya və Herseqovinanın ərazi subyekti olan Serb Respublikasının prezidenti ilə görüşü və Qərbin regionda təsirlərinə qarşı bəyanatları həmin əməliyyat modelində diqqət çəkir.
Qərbə meydan oxumaq tərzini NATO üzvləri olan Polşa və Rumıniyanın hava məkanlarına müdaxilə ilə yeniləyən Rusiya Avropada böyük kəşfiyyat hazırlığına başladığını sətiraltı elan edir. Yəqin ki, Rusiya Avropa və Cənubi Qafqazdakı kəşfiyyat mexanizmlərini eyni anda işə salmağı hədəfləyir. Azərbaycanda və Ermənistanda Kremlin çoxşaxəli strategiyasına dəstək olacaq ictimai kampaniyanın təşkili prosesi tamamlayan akt kimi şərh oluna bilər.
Bu yaxınlarda "The İnsider" nəşrinin rus redaksiyası tərəfindən yayımlanmış və kəşfiyyat məlumatlarına istinad edən məlumatları Kremlin Cənubi Qafqazda "eyni anlı əməliyyatlara" hazırlıq keçdiyini göstərməyə imkan verir.
Məlumata əsasən, Azərbaycan trekinə QRU-nun zabiti Valeri Çernışov nəzarət edib. Moskva respublikanın tanınmış məmurları, hərbi zabitləri və ictimai xadimləri haqqında "fon hesabatları" alaraq Azərbaycanda Rusiya maraqlarını Türkiyəyə qarşı tarazlıq kimi irəli sürə bilən təşkilatların demək olar ki, olmamasından narahatlığını ifadə edib.
Erməni trekinə QRU-nun digər zabiti Dmitri Avanesov nəzarət edib. "The İnsider" yazır ki,  Ermənistan hökumətindəki "köstəbək"dən xəbərlər əldə edib, o, Avanesova hətta baş nazir Nikol Paşinyanın hərəkətləri barədə məlumat verib. Həmin materiallarda o, "Saqqal" əməliyyat kod adı altında görünüb. 
Bu məlumatlardan Rusiyanın Balkan regionu, NATO üzvü olan Avropa ölkələri, Azərbaycan və Ermənistan üzərindən 4 ayaqlı əməliyyat modelini gündəmə gətirdiyi sezilir. Onsuz Azərbaycanla Rusiya arasındakı gərginliyin bir ayağı Ermənistanla əlaqəli idi, çünki Bakının İrəvan üzərində ciddi təsir imkanları əldə etməsi və nəticə əsaslı fürsətə çevirmək qabiliyyəti Kremli narahat edirdi.
Lakin Azərbaycan Respublikası Rusiya xüsusi xidmət orqanlarının, o cümlədən Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinin regionlararası əməliyyat keçidlərini yaxşı izləyir.
Rusiyanın Azərbaycandakı bəzi kəşfiyyat əməliyyatları aparmasının ifşa edilməsi Bakının qabaqlayıcı strategiyası haqqında aydın təsəvvür formalaşdırır. Ehtimal ki, Rusiyanın planları ifşa edilməsə idi, ona Gürcüstandakı kəşfiyyat şəbəkəsi də dəstək üçün kampaniya başladacaqdı.
Bunlara baxmayaraq, son zamanlardakı Azərbaycanla əlaqədar bəzi kütləvi rəyyaratma kampaniyasının arxasında kəşfiyyat subyektlərinin dayandığı ehtimalı da güclüdür.
Cəmiyyəti parçalayan fikirlərin tirajlanması, informasiya lentlərində ictimai gərginliyin üzərinə yanacaq tökən yönləndirilmiş məlumatların yayılması, ardınca Xankəndidə erməni sakinin silahlı təxribata cəhd göstərməsi vahid bir orqanizmin ayrı-ayrı fraqmentləri idi. Rusiyanın Azərbaycanda Moskva siyasətinə əsaslanan QHT-lər yaratmaq barədə planı ilə həmin epizodları birləşdirəndə prosesin cövhəri açıla bilər. Lakin başqa sual meydana çıxır: Rusiyaya bu marşrutda hansı xarici dövlətlər dəstək verir? 
Hər halda, Azərbaycanın dövlət cihazı bütün prosesləri və baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdıra bilir və kəşfiyyat hesabatları əsasında preventiv tədbirlər görəcək.
Bundan başqa, Azərbaycanda Rusiyanın təlimat və direktivləri ilə hərəkət edən siyasi dairələrin spektrini müəyyənləşdirmək üçün addımlar atılacağını istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31