Polşaya hücumda F-16-dan atılan raketdən istifadə olunub - Rusiya-NATO qarşıdurması sürətlənir
13:10 DünyaSentyabrın 10-na keçən gecə Polşa üzərində baş verən hadisə NATO-Rusiya qarşıdurmasının yeni və çox təhlükəli mərhələyə qədəm qoyduğunu göstərir.
Polşa hakimiyyətinin yaydığı ilkin açıqlamalara görə, həmin gecə Rusiyanın çoxsaylı pilotsuz təyyarələri ölkənin hava məkanını pozub. Baş nazir Donald Tusk açıq mətnlə bildirib ki, "məsuliyyət Rusiyanın üzərinə düşür".
Ardınca Lublin vilayətinin Vırıki şəhərində bir yaşayış binasına ziyan dəyib. İlkin məlumatlarda deyilirdi ki, binanın damına pilotsuz uçuş aparatı düşüb. Ancaq Polşanın nüfuzlu "Rzeczpospolita" qəzetinin bu gün yazdıqları vəziyyəti tamamilə dəyişir. Nəşrin etibarlı mənbələri iddia edir ki, evə düşən qalıqlar heç də rus dronuna aid olmayıb. Bunlar NATO inventarında olan F-16 qırıcı təyyarəsindən buraxılmış "AIM-120 AMRAAM" raketinin parçalarıdır. Yalnız təhlükəsizlik mexanizmlərinin işləməsi nəticəsində partlayış olmayıb.
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Rusiyanın arsenalında F-16 qırıcıları və bu tip raketlər yoxdur:
"Rusiya Hərbi Hava Qüvvələri sovet və rus istehsalı olan Su və MiQ seriyalı təyyarələrdən istifadə edir. Deməli, F-16 və "AMRAAM" adı çəkilirsə, söhbət NATO texnikasından gedir. İkincisi, belə texniki qəza versiyası doğrudursa, bu, artıq "dost atəşi", yəni müdafiə əməliyyatı zamanı baş verən xoşagəlməz, amma təəssüf ki, hərbi praktikada rast gəlinən hadisədir".
Hərbi ekspert "bəs bu hadisəni kimin maraqlarına uyğun saymaq olar" sualına belə cavab verib:
"Bu hadisədən ən çox fayda götürən tərəf kimi Rusiya görünür. Çünki Moskva indi iddia edə bilər ki, NATO ölkəsi öz vətəndaşlarının evini vurur, amma məsuliyyəti bizim üzərimizə atır. Bu, Kremlin informasiya müharibəsində istifadə edəcəyi arqumentdir. Kreml bu versiyanı tirajlamaqla Qərb ictimaiyyətində NATO-ya etimadı sarsıtmağa çalışacaq. Digər tərəfdən, insident Polşadakı bəzi siyasi qüvvələrin də maraqlarına cavab verə bilər. Çünki hadisə ictimai rəydə Rusiya təhlükəsini daha da qabardır, NATO-dan əlavə dəstək, daha çox hava hücumundan müdafiə sistemi və maliyyə resursu tələb etmək üçün legitimlik yaradır. Yəni, bu faciəni Polşanın öz hərbi-siyasi mövqeyini gücləndirmək üçün istifadə etməsi istisna deyil".
Hərbi ekspert deyib ki, NATO-nun istər raket, istərsə də aviasiya sistemləri dünyanın ən müasir silahları olsa da, heç bir texnika tamamilə qüsursuz deyil:
"Müharibələrin tarixi göstərir ki, ən peşəkar ordularda belə bəzən raketlər hədəfdən yayınır, yanlış koordinatlara düşür və arzuolunmaz nəticələrə səbəb olur. Bu dəfə də belə olubsa, məsələni ən sivil yanaşma ilə olan açıq araşdırma, fraqmentlərin ekspertizası və ictimaiyyətə obyektiv məlumatın verilməsi ilə həll etmək lazımdır. Amma unutmayaq ki, məsələ yalnız texniki qəza ilə məhdudlaşmır. Çünki söhbət NATO ərazisindən, konkret olaraq Polşadan gedir. Burada hər hansı yanlış addım dərhal kollektiv təhlükəsizlik müzakirələrini gündəmə gətirir. Ona görə də, Vırıki insidenti əslində həm də hibrid müharibənin tərkib hissəsidir. Yəni hadisənin kim tərəfindən törədilməsindən asılı olmayaraq, bu, həm Rusiya, həm də NATO daxilində siyasi və informasiya müharibəsində alətə çevriləcək. Rusiyanın Polşaya F-16 ilə hücum etməsi qeyri-mümkündür.
Ən ağlabatan versiya Polşa və ya NATO qırıcılarının pilotsuz təyyarələrə cavab əməliyyatı zamanı texniki nasazlıq nəticəsində baş verən qəzadır. Amma bu qəza belə, artıq siyasi planda öz işini görüb. O, həm Moskvanın, həm də Varşavanın əlinə "təhlükə kartı" verib. Məhz buna görə də Vırıki insidenti Rusiya-NATO qarşıdurmasının daha da qızışdırılması üçün istifadə olunacaq".