Keçmiş NATO Ali Baş Komandanından “uçuşa qadağa zonası”nın yaradılmasını təklifi - ÖZƏL
12:45 DünyaNATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin sabiq ali baş komandanı Ceyms Stavridis Ukrayna üzərində "uçuşa qadağa zonası"nın yaradılmasını təklif edib.
Olaylar.az xəbər verir ki, Stavridisin fikrincə, alyans ölkələri bu addımı NATO-nun "Eastern Sentry" ("Şərq növbətçisi") əməliyyatının zonasını Ukraynaya genişləndirməklə ata bilərlər. "Bu, artıq bir neçə aydır Vaşinqton və Brüsseldə müzakirə olunan yeni tədbirlərin bir hissəsi ola bilər", - deyə o, Bloomberg üçün yazdığı məqaləsində qeyd edib. Admiral etiraf edib ki, "uçuşa qadağa zonası"nın yaradılması aqressiv addım kimi qiymətləndirilə bilər və bu, eskalasiya riskini artırır. Lakin onun fikrincə, Moskvanın güzəştsiz mövqeyi fonunda artıq Ukraynanın hava məkanının bağlanmasının vaxtı çatıb. Stavridis həmçinin bildirib ki, NATO ölkələri indiyədək belə addımdan çəkiniblər, çünki bu, Rusiya ilə birbaşa toqquşma riskini artırır. Bununla belə, o hesab edir ki, Polşada baş verən pilotsuz uçuş aparatı insidentindən sonra alyans ölkələrinin mövqeyi dəyişə bilər. Stavridis bu məqamda Polşanın xarici işlər naziri Radoslav Sikorskinin "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində səsləndirdiyi, Ukrayna üzərindəki PUA-ların vurulması imkanlarının nəzərdən keçirilməsinə dair sözlərinə istinad edib.
Xatırladaq ki, sentyabrın 15-də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev teleqram kanalında yazıb ki, Ukrayna üzərində "uçuşa qadağa zonası"nın yaradılması və NATO ölkələrinin Rusiya PUA-larını vurması alyansla Rusiya arasında müharibə demək olacaq.