Dini liderlərə müraciət: “Süni intellekt üçün yeni ‘on əmr’ yaradılmalıdır - ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin etik inkişafı ilə bağlı maraqlı təşəbbüs irəli sürüb. Olaylar.az xəbər verir ki, o, Astanada keçirilən VIII Dünya və ənənəvi dinlər liderlərinin Qurultayında çıxışı zamanı dini liderləri süni intellekt üçün etik "qaydalar" hazırlamağa çağırıb. Tokayevin sözlərinə görə, dini liderlər insanlığın mənəvi dəyərlərinin qoruyucuları olaraq rəqəmsal gələcəyin müzakirəsində iştirak etməlidirlər:
"İnkişaf edən neyroşəbəkələr və digər texnologiyaların məsuliyyətli istifadəsi üçün universal prinsiplər işləyib hazırlamaq lazımdır. Bu prinsiplər bir növ süni intellekt üçün 'əmrlər' olmalıdır. Burada insan ləyaqətinə hörmət, diskriminasiyanın yolverilməzliyi, həmçinin taleyüklü qərarların mütləq insan nəzarətində qalması nəzərdə tutulur", - deyə Tokayev bildirib. Prezident vurğulayıb ki, süni intellekt artıq insanların həyatının bir çox sahəsini dəyişməkdədir, lakin etik normalar sürətli texnoloji irəliləyişin arxasında qalır. Qurultayda 60-a yaxın ölkədən 100-dən çox nümayəndə iştirak edir. Tədbirdə Rusiya Pravoslav Kilsəsini Moskva və Bütün Rusiyanın Patriarxı Kirill təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31