Starmer Tramp ilə polad tarifi razılaşmasından ümidini kəsir - ÖZƏL 

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampla polad rüsumlarına dair razılıq əldə olunacağına dair ümidlərini itirib. Olaylar.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb. Məlumata görə, London ABŞ-ın sərt mövqeyi fonunda polad və alüminium ixracına 25 faizlik daimi rüsum tətbiq olunmasına razılaşıb. Britaniya tərəfi hesab edir ki, kvotasız sabit 25 faizlik rüsum ixrac üçün daha əlverişlidir, çünki digər ölkələrə 50 faizlik ümumi rüsum tətbiq olunur.
Böyük Britaniyanın polad sənayesindən olan mənbə qeyd edib ki, ilkin razılaşmada kvotaların nəzərdə tutulmaması "fəlakətli səhv" olub: "Bu, əvvəlcə təklif olunana tamamilə ziddir", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 16-da axşam Böyük Britaniyaya son onilliklərin misilsiz ikinci dövlət səfəri ilə gəlib. O, sentyabrın 17-də Vindzor qəsrində Kral III Karl tərəfindən qəbul ediləcək, sentyabrın 18-də isə baş nazir Kir Starmerlə Çekers iqamətgahında danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31