Qaz kəmərlərinin partladılması ilə bağlı ŞOK İDDİA

İtaliya məhkəməsi Almaniyanın sorğusu əsasında avqustda saxlanılmış Ukrayna vətəndaşı Sergey Kuznetsovun ekstradisiyasına qərar verib. O, 2022-ci ildə "Şimal axını" qaz kəmərlərinin partladılmasında iştirak etməkdə şübhəli bilinir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kuznetsov Ukrayna Silahlı Qüvvələrinin kapitanıdır, keçmişdə SBU əməkdaşı olub, elitar bölmədə xidmət edib və Kiyevin müdafiəsi zamanı hava hücumundan müdafiə qrupuna rəhbərlik edib. O, ittihamları rədd edir.

Alman prokurorluğu onun saxlanıldığını təsdiqləyib, lakin işin detalları açıqlanmayıb. Alman jurnalistlərinin araşdırmalarına əsasən, diversiyada 7 ukraynalı iştirak edib, onların arasında rekorda imza atan qadın dalğıc da olub.

İştirakçıların Ukrayna dövlət strukturları ilə əlaqələrinin ola biləcəyi və başqasının adına verilmiş orijinal sənədlərdən istifadə etdikləri ehtimal edilir.

"The Wall Street Journal"ın iddiasına görə, əməliyyata o dövrdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı rəhbərlik edib, Prezident Volodimir Zelenski isə bundan xəbərdar olub və diversiyanın qarşısını almağa çalışıb. Kiyev isə rəsmi olaraq hər hansı iştirakı qəti şəkildə inkar edir.

Moskva isə partlayışlarda ABŞ və Böyük Britaniyanı günahlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31